Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Yarımcan olan qazi oğluma yararlı olması ilə bağlı rəy verilib”

“Yarımcan olan qazi oğluma yararlı olması ilə bağlı rəy verilib”

“Oğlum Məmmədzadə Soltan İkram oğlu Vətən müharibəsi qazisidir. Döyüşlərdə ağır yaralanıb, komaya düşüb, 40 gün Bakıda hərbi hospitalda müalicə olunub. Hazırda nəfəs almasında ciddi problem var. Yarımcan halda olan qaziyə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlı olması ilə bağlı rəy verilib”.

Bu şikayətlə “Qafqazinfo” qazinin atası, Biləsuvar rayonunun Nərimankənd kəndindən olan İkram Məmmədzadə müraciət edib. Onun sözlərinə görə, oğlu Soltan Məmmədzadə sentyabrın 29-dan etibarən ön cəbhədə xidmət edib. Noyabrın 2-də Qubadlı uğrunda döyüşlərdə ağır yaralanıb. Qəlpə qazinin qaraciyərini parçalayıb, mədəaltı vəz, döş qəfəsi, qarın boşluğu, sağ qolu dirsəkdən yuxarı qəlpə yaraları alıb. Ata deyir ki, övladı aylardır müalicə olunsa da, hələ də ciddi problemləri qalmaqdadır:

 

“Oğlum neçə aydır öz hesabımıza müalicə olunur. Bakıda xalasının evində qalıb, özümüz həkim tutub müalicə etdirmişik. Hələ də normal nəfəs ala bilmir. Belə vəziyyətdə olan şəxs necə hərbi xidmətə yararlı ola bilər?”

"Qafqazinfo" şikayətlə bağlı Müdafiə Nazirliyinə sorğu göndərib. Nazirlikdən bildirilib ki, əgər qərarla bağlı narazılıq varsa, şəxs yaşadığı ərazi üzrə səfərbərlik şöbəsindən göndəriş götürüb Müdafiə Nazirliyinin baş mütəxəssislərinin iştirakı ilə Mərkəzi Hərbi Həkim Komissiyasında təkrar şəhadətləndirilə bilər.

Qeyd edək ki, S. Məmmədzadə İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə “Döyüşdə fərqlənməyə görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.