Həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun jurnalistlərin buraxılmaması ilə bağlı məsələ ictimailəşdikdən sonra hakim media nümayəndələrini zala dəvət edib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə baxış iclası baş tutub.
Fəqan Əhmədov ittihama münasibət bildirərək özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, hadisə təsadüfən baş verib, həyat yoldaşını qəsdən öldürməyib.
Məlumat üçün qeyd edək ki, sabiq hakim Fəqan Əhmədov digər təqsirləndirilən şəxslərdən fərqli olaraq şüşə qəfəsə salınmır. Zalda digər iştirakçılarla birgə əyləşir.
Bugünkü prosesdə mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadə verib. O məhkəməyə ərizə verərək Fəqan Əhmədovun ailəcanlı olduğunu, mayın 30-da bədbəxt hadisə baş verdiyini qeyd edib: “Mənim 71, arvadımın 58 yaşı var. Bizim 3 azyaşlı uşağa baxmağa imkanımız yoxdur. Fəqan Əhmədovdan heç bir şikayətimiz yoxdur, tam barışmışıq. Hökm çıxararkən onun övladlarının valideyn himayəsindən məhrum olmasını nəzərə almağınızı xahiş edirəm”.
Hakim bildirib ki, əgər ittiham hökmü çıxarılarsa, uşaqları dövlətin, yoxsa onların himayəsinə verilməsinə ailə özü qərar verə bilər.
P. Əhmədovanın anası Mətanət Quliyeva ifadə verərək deyib ki, Fəqan Əhmədov və qızı çox mehriban ailə olublar: "Pərvanə heç vaxt şikayət etməyib. Fəqan mənim böyük oğlum kimi idi. Hadisə təsadüfən olub. Gecə Fəqanın anasının telefonundan bir qohumu zəng edib bağa çağırdı. Mənə heç nə demədi. Dedilər Fəqan çağırır. Bağa çatanda zəng etdik, dedik ki, burada heç kim yoxdur axı. Dedilər, Həzi Aslanovdakı evə getdik, biz də ora getdik. Nəvəmə dedim ki, Pərvanə hanı? Fəqanın anası dedi ki, istəmədən belə bir hadisə baş verib. Məhkəmədən xahiş edirəm ki, Pərvanənin uşaqlarını nəzərə alın. Heç kim istəməzdi ki, belə hadisə olsun. Onlar bu məhkəmədə tanış olub, burada işləyəndə ailə qurublar”.
Daha sonra F. Əhmədovun 14 yaşlı oğlu Rəşad Əhmədov (şərti-red.) ifadə verməsi üçün zala dəvət olunub.
Bu zaman Fəqan Əhmədov söz alaraq oğlunun Baş Prokurorluqda üç müstəntiq tərəfindən 8 saat dindirildikdən sonra psixoloji travma aldığını bildirib: "Ondan sonra buna görə bir ay psixoloji yardım alıb. Onun 14 yaşı var, xahiş edirəm dindirilməsin, ifadəsi elan edilsin".
Vəsatət baxılmamış saxlanılıb.
Fəqan Əhmədovun dayısı Xanbala Quliyev ifadə verərək deyib ki, hadisə baş verən günlərdə Fəqan məzuniyyətdə olub: "Həmin vaxt Fəqanın evində təmir işləri gedirdi. Nəvəmlə Fəqan müəllimgilə getdik, çay içdik, evin təmirinə baxdıq. Pərvanəyə dedim niyə bizə gəlmirsiz, dedi burada hava yaxşıdır. Mehriban, xoş əhval-ruhiyyədə sağollaşdıq. Fəqan sərxoş deyildi. Pərvanə ilə hər hansı gərginlik yox idi. Hadisə çay stolu ətrafında baş verib".
F. Əhmədovun qardaşı Kənan Əhmədov deyib ki, qardaşının ailəsində heç vaxt münaqişə olmasını eşitməyib: "Fəqan zəng edib dedi ki, anamı da gətir, gəl uşaqlara yiyə dur. Dedi əlimdən xəta çıxıb, Pərvanə rəhmətə gedib. Gələndə gördüm ki, Pərvanə divanda oturaq vəziyyətdə ölmüşdü, üstünü örtmüşdülər. Müstəntiq də qardaşımı sorğu-sual edirdi. Fəqan orda dedi ki, tüfəng qoruyucuda olmalı idi, qoruyucuda olmadığı üçün təsadüfən açılıb".
F. Əhmədovun anası Səmayə Əhmədova da məhkəmədə çıxış edib: "İndiki gəlinləri görəndə ona deyirdim ki, sən elə bil keçmişdən qalmısan. Fəqanla da heç bir problemi yox idi. Dörd ilə yaxın onlarla bir yerdə 2 otaqlı evdə yaşamışam, gəlnimlə aramda və onların bir biri ilə heç bir problem olmayıb".
Fəqan Əhmədovun bağ evində qonşusu Ələşrəf Hüseynov həmin gün sabiq hakimlə spirtli içki qəbul ediblər: "Həmin gün Fəqana zəng etdim, dedi saat 7-də görüşək. Bilgəhdən kabab aldıq, gəlib bizim bağda oturduq. Fəqan Rusiya istehsalı olan 700 qramlıq araq götürmüşdü. Yeyib-içdik, söhbət elədik. Kefi yaxşı idi, oğlum bağdan gedəndə onunla da görüşdü. Saat 9-a qalmış Fəqan müəllim bizdən getdi, sərxoş deyildi. Mən də 10-n yarısı yatdım, hadisəni səhəri gün bildim".
Proses sentyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərək öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.