Sosial şəbəkələrdə şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlının videomüraciəti yayılıb. Yaşadığı ərazi üzrə Şəhər Poliklinikasından şikayət edən şəhid anası ona laqeyd münasibət göstərildiyini bildirib:
“Mən buradan Səhiyyə Nazirliyinə səslənirəm, şəhid anasıyam, koronavirusa yoluxmuşam. Vəziyyətim yaxşı deyil, nəfəs ala bilmirəm. 32 nömrəli Şəhər Poliklinikasından, baş həkimindən, sahə həkimindən şikayət edirəm. Zəngimə cavab vermirlər. Sonra da zəng edib deyilər ki, bizdə dərmanlar növbə ilədir. Ana ölməlidirmi?”
“Qafqazinfo” problemlə əlaqədar Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Məlum olub ki, şəhid ailəsinin yaşadığı ərazi 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aiddir.
11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nurməmməd Yarıyevin sözlərinə görə, şəhid anası ilə əlaqə saxlanılıb vitamin kompleksi ilə təmin olunub. Onunla kobud rəftar edən tibb işçisinə də xəbərdarlıq edilib.