Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Astarada müəllim qızını çiynində çaydan keçirərək məktəbə aparır

Astarada müəllim qızını çiynində çaydan keçirərək məktəbə aparır

Sosial şəbəkədə Astara rayonunun Miki kəndində övladını məktəbə aparıb-gətirmək üçün hər gün ayaqyalın çaya girən kənd sakini Fuad Salayevin görüntüləri yayılıb. O, 14 yaşlı qızını illərdir ki, çiyninə alıb evi ilə məktəb arasındakı çayı gündə bir neçə dəfə belə keçməli olur.

Görüntülərdən də aydın olduğu kimi, çayın üzərində piyada körpüsü belə yoxdur, havanın soyuq və yağışlı olmasına baxmayaraq, ata-bala hər gün bu yolu getməli olur. 

“Qafqazinfo” yayılan görüntülərlə bağlı Fuad Salayevlə əlaqə saxlayıb. Məlum olub ki, F. Salayev özü də Miki kənd orta məktəbində texnologiya müəllimi işləyir. O, 2006-cı ildən çayın kənarındakı evə köçdüyünü və o vaxtdan da bu problemi yaşadığını bildirib:“Dəfələrlə aidiyyəti qurumlara müraciət eləmişəm, məktub yazmışam, problemi aradan qaldıran olmayıb. Astara Rayon İcra Hakimiyyətinə üç dəfə qəbula getsəm də, karantin dövrü olduğunu əsas gətirərək icra başçısı ilə görüşə şərait yaradılmayıb. İcra Hakimiyyəti problemi bələdiyyənin üstünə atıb. Bələdiyyədən də büdcədə pul olmadığını bildirirlər. Mənim özümün burada körpü tikməyə imkanım yoxdur. Çayın aşağı keçidində ancaq mənim evim var, yuxarı keçiddə isə eyni vəziyyətdə olan 7 ailə var”. 

 

Problemlə bağlı Miki kəndinin də daxil olduğu Siyaku kənd bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri Ramin Dədəyev saytımıza bildirdi ki, sözügedən şəxs iki il əvvəl bu şikayətlə əlaqədar müraciət edib: “Fuad Salayev meşə fondu torpağında qanunazidd olaraq ev tikib. Dövlət standartlarına uyğun şəkildə ev inşa olunsaydı, dövlət özü yol da çəkərdi. Biz onun özünə də bildirmişik ki, bələdiyyə meşə fondu torpaqlarında körpü inşa edə bilməz. Bunun üçün gərək dövlətə müraciət olunsun”. 

R. Dədəyevin sözlərinə görə, həmin çayın üzərində körpünün inşası üçün təxminən 1000 manata yaxın vəsait lazımdır. Bələdiyyənin isə büdcəsində bu tikinti ilə bağlı vəsait yoxdur. 

Astara Rayon İcra Hakimiyyətindən də oxşar cavab aldıq. Bildirildi ki, F. Salayevin ev tikdiyi yer meşə ərazisidir və orada yalnız bir ev var.