Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə 50 mənzil verilib.
Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərini nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov və “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev təqdim ediblər.
Z.İbrahimov qeyd edib ki, şəhid ailələri və müharibə əlillərinə 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam aparılır. Onlardan artıq 1 900 mənzil qeyd olunan kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11 100 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Dövlət başçısının müvafiq sərəncamı 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsini nəzərdə tutur.
Vətən müharibəsi qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.