Sosial şəbəkələrdə Bakı və İrəvandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə 2 fevral tarixinə olan qiymətlərə istinad edilir. Belə ki, yayılan məlumatda Bakıdan İstanbula olan biletin qiyməti 270 manat, İrəvandan İstanbula isə 45 dollar (76 manat - red.) göstərilib.
Məsələyə AZAL-dan münasibət bildirilib.
Qeyd edilib ki, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir:
"Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.
Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.
Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya qədər azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcək".