Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, denaturasiya olunmamış etil spirti (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin aksiz dərəcəsi 5,2 manatdan 6 manata qaldırılıb.
Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların aksiz dərəcələri 7,2 manatdan 8 manata çatdırılıb.
Cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 11,2 manatdan 12 manatadək artırılıb.
Sənədə əsasən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədəd üçün 43 manatdan 46,5 manata qədər artırılıb.
Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksiz dərəcəsi 1000 ədəd üçün 12,9 manatdan 14 manata çatdırılıb.
Qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin aksiz dərəcəsi 1 kq üçün 30 manat təşkil edib.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin 1 ədəd üçün isə aksiz dərəcəsi 0,25 manat olub.
Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.