Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə, xüsusən TikTokda da bu cür elanlara rast gəlmək mümkündür.
Bəzi profillər vasitəsiylə paylaşımlar edilərək bir neçə il əvvəl tədavülə buraxılmış bir dolları 500, 1000, 2000 manata ala biləcəklərini qeyd edirlər.
Elan saytlarında isə müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.
İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın tviterdəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov da Xəzərxəbər-ə açıqlama verib. O deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.
Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər:
“Bir müddət sonra bu qiymətlə bağlı göstəricilər kəskin şəkildə dəyişəcək. Heç bir iqtisadi və maliyyə dəyəri olmayan bir prosesdir”.