Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazi Cəfərov Elvin Zakir oğlunun intihara cəhd etməsinə münasibət bildirib.
Bu barədə Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk səhifəsində yazıb:
“Həmişə diqqət və qayğı ilə əhatə olunan qazimiz Cəfərov Elvin Zakir oğlunun intihara cəhd etməsindən təəssüf hissi keçiririk. Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, 1987-ci il təvəllüdlü Elvin Cəfərov dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Elvin Cəfərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumu tərəfindən hələ 2021-ci ilin noyabr ayında müharibə ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib”.
Şöbə müdiri qeyd edib ki, həmçinin Elvin Cəfərovun və ailə üzvlərinin məşğulluğuna da dəstək göstərilib:
“O, DOST İş Mərkəzi tərəfindən 27 may 2021-ci ildən işlə (aylıq əməkhaqqı 300 manat) təmin edilib. Anası Cəfərova Ruqiyə Musa qızı da məşğulluq orqanı tərəfindən işlə təmin olunub. Eyni zamanda, qazinin ailəsi üçün bir il əvvəl özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb. Digər tərəfdən, Elvin Cəfərovun ailəsinə “YAŞAT” Fondu tərəfindən 2021-ci ildə maddi dəstək (6500 manat) və hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə “Azərsığorta” tərəfindən sığorta ödənişi (4400 manat) olmaqla 11 min manata yaxın birdəfəlik ödəniş edilib”.
F.Talıbov vurğulayıb ki, qeyd olunan dəstək tədbirləri ilə yanaşı, ona təyin olunan müavinət Müdafiə Nazirliyindən 28 iyun 2022-ci ildə daxil olmuş sənədlər əsasında qısa bir müddətdə, 7 iyul 2022-ci il tarixdə pensiya və maddi yardım formasında daha artıq ödənişlə - 356 manat aylıq sosial ödənişlə əvəzlənib:
“Beləliklə, qazi Elvin Cəfərova pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq olaraq 958 manat ödənilir. Sabirabad rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım edilərək, hazırda Bakı şəhərində müalicəsi davam etdirilən Elvin Cəfərova dəstək tədbirləri bundan sonra da davam edəcək”.