Xudayar Yusifzadə...
"Vətən Yaxşıdır” mahnısı ilə dillərə dastan olan şəhidimiz...
Bu gün onun şəhidlik zirvəsinə ucalmasından 2 il ötür. Gəlin onu daha yaxından tanıyaq.
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Xudayar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmiş, daha sonra isə müharibədə döyüşərək xidmətinə davam edib. O, həmçinin Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə də vuruşub. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin " Vətən yaxşıdır" şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.
Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında "Xudayar təsnifi" olaraq məşhurlaşdı və təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə "Xudayar təsnifi" adlandırıldı.