Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayımlayıb.
Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyulun 30-na, Aşura günü isə avqustun 8-nə təsadüf edir.
Həmçinin müraciətdə dindarlara xatırladılıb ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyil. Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir. Bu il də humanist ənənə davam etdirilərək qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn xatirinə həyat bəxş edəcəklər.
Bundan əlavə, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanununa uyğun olaraq, dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Xüsusilə son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır.