Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişatı yeniyetmə qıza qarsı 4 nəfərin seksual xarakterli hərəkəti istiqamətində aparılır.
Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında cinsi zorakılığa məruz qalan qızın ailəsinin vəkili Ruhəngiz Quliyeva məlumat verib.
O, bildirib ki, hazırda istintaq işləri davam etdirilir:
“Hadisənin necə adlandırılması da hələ tam həllini tapmayıb. İstintaqın gedişində tövsih dəyişəcək, onu da deyə bilmirik. Hər halda proses zamanı bəlli olacaq. Amma məsələ ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməz”.
Vəkil xatırladıb ki, yeniyetməyə qarşı seksual xarakterli zorakılıq hərəkətlər edənlərin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb:
“4 nəfərdən 3-ü saxlanılıb və barələrində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Digəri azyaşlı olduğundan barəsində qanunla məsuliyyət nəzərdə tutulmur. İstənilən halda ananın yeganə tələbi qızına qarşı seksual hərəkətlər edənlərə ən ağır və layiqli cəza verilməsidir. Tutaq ki, 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulubsa, istəyimiz ən yuxarı həddir”.
Vəkil onu narahat edən digər bir nüansa da toxunub. O, deyib ki, 14 yaşlı qız yaşadığı kənddə linç edilir:
“Bu gün səhər başına bəla gələn qızın kiçik bacısı mənə zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Təsəvvür edirsiniz bu, nə deməkdir? Kiçik qızın yalvarışları və məndən imdad istəməsi sadəcə ürək parçalayacaq bir məsələdir. İnanın ki, kənddəki qadınların fikirlərini də dəyişə bilmirəm.
Təcavüzə uğrayan qıza ölüm arzulayırlar. Nə deyə bilərəm? Onlar artıq o psixologiya ilə qocalıblar. Kənddəki o baxışlar 14 yaşlı qızın iki bacısına da yönələcək”, -deyə vəkil qeyd edib.
Xatırladaq ki, xoşagəlməz olay avqustun 25-də Bərdə rayonunda yaşanıb. 14 yaşlı qıza 4 nəfər tərəfindən seksual hərəkətlər edilib və görüntüləri yayılıb. Videonu çəkib yayan 4 nəfər müəyyən edilərək saxlanılıb.