Xatırlayırsızsa, sizə qüsurlu olan bu anamız haqda yazmışdım. Oğlu Nicatla anası Aygün illərdir tək yaşayıb. Çox kasıb olsalar da, danışmaqda və yeriməkdə çətinlik çətən ana ümid edirdi ki, gün gələcək Nicat böyüyəcək və bütün çətinliklər geridə qalacaq. Amma ikinci Qarabağ müharibəsi Aygün ananın bütün xəyallarını nəinki puç etdi, onu həyata bağlayan tək oğlu Nicatını da ondan ayırdı...
Bu gün Aygün ana tək-tənha hökümətin ona verdiyi evdə yaşayır. Mütəmadi olaraq Aygün xanımın qonşuları bizə məktub yazıb, onun vəziyyətindən xəbər verirdilər. Ötən gün isə qonşuları mənə məlumat verdi ki, Pərvin Abıyeva Aygün xanımı ziyarət edib. Aygün xanımın qonşusu olan Nabat xanım onların şəklini də mənə yolladı.
SHOWNEWS.AZ olaraq mən də öz növbəmdə Pərvinə təşəkkür etdim ki, məhz bu anamızı yad edib. Söhbət zamanı öyrəndim ki, Pərvin bundan sonra bu anamızı öz himayəsinə götürüb. Düzdür, məndən xahiş etdi ki, bu məlumatı işıqlandırmayım. Amma mən özümə borc bildim ki, Pərvinin bu əməli, bu addımı elə işıqlanmalı və təbliğ olunmalıdır ki, bir çoxuna da örnək olsun.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!