“Kontakt Home” müştərilərini aldatmaqda davam edir. Bu şirkətin məhsullarının istifadəyə yararsız olması haqda istehlakçı şikayətlərinin ardı-arası kəsilmir. Alınan məhsulların xarab çıxması, qızıl zəmanət talonunun işə yaramadığı şikayətlər daxilindədir.
Bu dəfə Yasamal rayon sakini Nazilə Yusufova “Kontakt Home”un Ayna Sultanova filialından şikayətçidir. Bizim.Media-ya müraciət edən şikayətçinin sözlərinə görə 2020-ci ildə “Kontakt Home”un sözügedən fialilından 350 manat civarında “Samsung A 20 S” model telefon alıb.
1 həftə keçməmiş telefonun yararsız olduğu üzə çıxıb. İstehlakçı 14 gün müddətinə malın geri qaytarılması hüququndan istifadə edərək filiala yaxınlaşıb. Amma qarşı tərəfdən ona məhsulun 100 manat aşağı qiymətlə qaytarılacağı bildirilib. Müştəri ziyana düşməmək üçün telefonu qaytarmayıb.
Bir neçə gün sonra telefon ümumiyyətlə işləməyib və ekranı tamamilə sönüb. Çarəsiz qalan istehlakçı yenidən “Kontakt Home”a üz tutub. Oradan isə xanım müştəri şirkətin servisinə yönləndirilib:
“Müqavilə sənədi ilə telefonu servisə verdim. Telefon 2 ay servisdə qaldı. Bir müddət sonra mənə zəng gəldi ki, “telefonun 3 cihazı dəyişilib, gəlin götürün”. Özümə də maraqlı gəldi ki, vur-tut telefonu 1 həftə işlətmişəm. Necə oldu ki, 3 cihazı xarab etmişəm. Servisə yaxınlaşdım. Bu dəfə tamamilə fərqli bir cavab eşitdim. Mənə bildirildi ki, başqa şəxsin adına olduğu üçün telefonu sizə verə bilmərik.
Sən demə işlənmiş telefonu ikinci dəfə mənə satıblar. Onu da deyim ki, telefon servisdə olduğu müddətdə aylıq 42 manat kredit ödənişimi etmişəm. 4 ayın borcu qalmışdı. Amma nə əlimə sağlam telefon ala, nə də boş yerə xərclədiyim pullarımı geri qaytara bildim. Əksinə bütün filiallarda, məhkəmələrdə qaldım.
Dəfələlərlə incidildim. Bütün bunlar azmış kimi telefon servisdə olduğu müddətdə müvəqqəti istifadə üçün mənə verilən telefona görə də 350 manat cərimə tələbi ilə məhkəməyə verilmişəm”.
Şikayətçi bildirib ki, istehlakçı hüququ aldadıldığı və incidildiyi üçün Yasamal rayon Məhkəməsinə müraciət edib və məhkəmənin bütün iclaslarına qatılıb. Amma məhkəmə işə xitam verib və ona gələn son məktubda qeyd edilib ki, müraciətlər baxılmamış qaldı.
İndi isə “Kontakt Home” müştərini məhkəməyə verib:
“Kiminsə adına olan telefonu mənə sırımaqları, aylarla məni incitmələri, malım və pulum getdiyi bəs deyil, köhnə bir telefona görə məhkəməyə verilmişəm. Guya istifadə zamanı telefonun ekranını cızmışam və buna görə 350 manat da cərimələnmişəm.
Mənə verdikləri telefonun modeli o qədər köhnə idi ki, əlimə alanda belə “Kontakt Home”un əməkdaşı özü ekranda problem olduğunu dedi. Ancaq zəng gedib gəlirdi. Necə veriblərsə, elə də qaytarmışam. Onu qaytaranda mənə irad tutdular ki, guya ekrana cızıq düşüb.
İstifadə müddəti bitmiş bir telefona görə niyə cərimə edilməliyəm ki? Ya ödədiyim pulu geri qaytarsınlar, ya da yeni telefon versinlər. Qalan kredit borcumu da ödəməyə hazıram”.
Məsələ ilə bağlı “Kontakt Home” mağazalar şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin meneceri Vəfa Rüstəmova ilə bir neçə dəfə əlaqə yaratmağa çalışsaq da, cəhdimiz baş tutmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...