Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Görüntülərlə bağlı aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib. Aparıcı məktəblərdə kameraların olmamasını tənqid edib:
"Bu nə deməkdir, məktəbdə necə baş verib? O məktəbin direktoru, sinif rəhbəri, döyülən uşağın sinif yoldaşları baş verənləri görməyib? Elm və Təhsil Nazirliyi, az qala hər gün hansısa məktəbdə bir hadisə baş verir, belə məktəblərə uşaqlarımızı necə göndərək? Sinif otağında nə baş verəcək bilmirik. Hanı kameralarınız? Pul yoxdur? Bəlkə kameranı quraşdırmaq üçün valideynlərdən pul yığasınız? Bütün sinif otaqlarında kameralar olmalıdır, valideynlər izləməlidir! Varmı bizim məktəblərdə?
Uşaqlarım Türkiyədə yaş yarımlığından baxçaya getdi və Bakıdan belə hər saniyə izləmə şansım var idi. Zibil pulu, süpürgə pulu, nə bilim daha nə pulu yığan məktəblərdə bəlkə kamera pulu da yığasınız?
Amma günahkar tək məktəb deyil, o döyənin, çəkənin valideynləri də günahkardır. Sevgidən yoxsun, mərhəmətdən uzaq böyüdülən uşaq bu cür olur! Çəkən də, döyən də məktəbdən xaric edilməlidir! Yazıqlar olsun!"
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.