Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ictimai nəqliyyatın üzləşdiyi problemlərdən danışarkən maraqlı məqamlara toxunub.
O bildirib ki, bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır:
“Metro və dəmir yolu dövlət tərəfindən subsidiyalaşdırılır. Avtobus fəaliyyəti isə qismən subsidiyalaşdırılır. Avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcılarının marağının azalmasını görürük. Bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır.
Ümumiyyətlə, ölkədə əhalinin 36 faizinin nəqliyyata çıxış imkanları məhduddur. Bu bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təbəqəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq".
Nazir müavininin bu açıqlaması daşıyıcı şirkətlər tərəfindən dəstəklənib. Onlar hesab edirlər ki, çox nadir hallarda dövlət rəsmiləri ictimai nəqliyyatın üzləşdiyi çətinlikləri aydın şəkildə cəmiyyətə çatdırır.
"Xaliq Faiqoğlu" şirkətinin baş direktoru Faiq Seyidov "Avtosfer.az"a bildirib ki, hazırda müntəzəm sərnişindaşımada müasir avtobusla bir sərnişinin daşınmasının maya dəyəri mövcud gediş haqqından xeyli yüksəkdir:
“Bunu aidiyyəti dövlət qurumları da təsdiq edir. Müasir avtobuslarla bir sərnişinin daşınma xərci 85 qəpikdən yüksəkdiir. Həmçinin qeyd edim ki, son aylarda avtobusların ehtiyat hissələri, sürtkü yağları və digər həyatı vacib təchizatların qiyməti 65%-ə qədər artıb. Sürücülər və texniki heyət hazırkı şərtlərlə qalıb işləmək istəmirlər və taksilərə istiqamətlənirlər. Son vaxtlar taksilərin kəskin artması, Bakıda tıxacların miqyasının günbəgün çoxalması da ictimai nəqliyyatdakı mövcud böhranlı vəziyyətlə bağlıdır. Hazırda böhran dərinləşməkdə davam edir, sosial ödənişlərin, yanacaq və digər təchizatlara görə yaranmış borcların ödənilməsində, həmçinin avtobusların alınmasına görə cəlb edilmiş kreditlərin ödənilməsində ciddi problemlər var”.
“Çinar Trans” şirkətinin direktoru İsmayıl Hüseynov bildirib ki, sahibkar olaraq tarifin tənzimlənməsi üçün dövlət tərəfindən müəyyən addımların atılması məqsədilə dəfələrlə aidiyyəti üzrə müraciət ediblər: “Dövlət bu sahəyə müdaxilə etməsə ictimai nəqliyyatın vəziyyəti daha da acınacaqlı olacaq. Dövlət bu sahəyə dəstək olmalıdır. Subsidiya da ayıra bilərlər, gedişinin müəyyən formada artırılmasına da gedilə bilər. Hazırda bizim şirkətin 70 avtobusu texniki nasazlıq ucbatından qarajda qalıb. İmkanlaşdırıb təmir etdirə bilmirik. Bu gün sürtkü yağlarına görə xeyli miqdarda borcumuz var. Ehtiyat hissələri mağazasına borcumuz var. Bəzən ehtiyat hissəsi də tapmaq olmur. Mağazalar gətirmir. Çünki alan yoxdur. Gətirəndə də borca verməli olurlar deyə gətirmirlər".
Məsələ ilə bağlı “Kral Transport” MMC-nin direktoru Eşqin Quliyevin sözlərinə görə, pandemiyanın təsirilə son illər ağır iqtisadi böhran keçirən ictimai nəqliyyat təchizat materaialları və xidmətlərin bahalaşması ilə daha da çətin duruma düşüb: “Hazırda özəl daşıyıcı şirkətlərin düşdüyü vəziyyət göz önündədir. Təəssüf ki, bizə heç bir dəstək verilmir. Sərnişinlərdən toplanan gediş haqqı xərclərimizi, sosial ödənişləri, sürücülərin məvacibini qarşılamır. Nəticədə sürücülər də avtobus sürməkdən imtina edirlər, əksəriyyəti şəbəkə taksi firmalarına qoşulub taksi idarə edirlər. Bu vəziyyətdə dövlət dəstəyi olmasa, sektorun batacağı qaçılmaz olacaq”.
"General Auto Company" MMC-nin direktor müavini Asif Rüstmov bildirib ki, Bakı şəhərində sərnişindaşıma sahəsi üzrə məsələlər hələ də öz həllini tapmır: “Çünki təklif və tələbat uyğun gəlmir. Pandemiyadan öncə avtobus parkını, istehsalat bazamızı yeniləmək üçün qiymətlər tənzimlənmişdi. Həmin dövrdə avtobusun istismar olunması, ehtiyyat hissələrinin alınması və digər xərclər var indikindən ucuz idi. Pamdemiya dövründən sonra bütün ehtiyat hissələri iki dəfə artıb və digər xərclər də demək olar ki, iki dəfəyə qədər yüksəlib. Buna baxmayaraq, təbii ki, sərnişindaşıma sahəsində öz sahibkarlıq fəaliyyətimizi davam etdiririk. Amma çox gözəl olardı ki, dövlət tərəfindən bu barədə düşünələr. Qiymət tənzimlənsə bizim maddi zərərləri də ödəmək olar, işin keyfiyyəti artar.
Qiymət artımı olsa daha yaxşı olar, nəinki subsidiyalar. Avropa və digər ölkələrlə müqayisədə bizdə gediş haqqı aşağıdır. Həmin ölkələrdə gediş haqqına xüsusi olaraq nəzarət edilir. Bizdə isə gediş haqqı çox aşağıdır və zərəri qaşılamır. Tarif Şurası və ya digər dövlət qurumları qiyməti nəzə alsaydılar ki, qənaətbəxş olardı. Biz də sahibkarlıq fəaliyyətimizi daha da genişləndirərək yeni, müasir standartlara cavab verən elektrobuslar və digər avtobusları istehsalat bazamıza daxil edərdik”.