44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən bir də Azər Yusiflidir.
SHOWNEWS.AZ xəbər verir ki, "Xəzər xəbər" Ağstafanın Böyük Kəsik kəndindən olan şəhid baş gizir Azər Yusifli ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, Azər təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini məhv edib və 4 zirehli texnikasını sıradan çıxarıb. Zəngilan uğrunda gedən döyüşlərdə şücaət göstərib, 24 kəndə, Xudafərin və Zəngilana bayrağımızın sancılmasında iştirak edib, bir neçə yerdə isə özü dalğalandırıb.
Birinci Qarabağ savaşında ermənilərin mülki əhalimizə qarşı törətdiyi vəhşiliklər, Xocalı soyqırımı Azərdə düşmənə qarşı dərin nifrət yaradıb. O, Vətən müharibəsində saysız şücaətlər göstərib. Füzulidən-Zəngilanadək döyüş yolu keçib və yaralansa da, döyüş meydanından çıxmayıb.
Azər doğulub boya-başa çatdığı kənddə 12 il sevdiyi qızla nişanlı olub. Yeni ev tikərək ailə həyatı qurmaq niyyətində idi. Lakin bütün buları şəhidliyə dəyişir. O. şəhidlik zirvəsinə ucalacağını elə bil əvvəlcədən hiss edib və bir neçə nəfərdən halallıq istəyib. Halallıq üçün zəng etdiyi şəxslərdən biri də uşaqlıq dostu olub.
Dostu bildirib ki, Azərin sonuncu sözləri "mən şəhid olmayınca, ora qayıda bilməyəcəyəm" - olub.
Azər Yusifli Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.