Əhmədov Əli Nadir oğlu müasir televizor almaq arzusu ilə "Kontakt Home" mağazasına üz tutub və 1650 manata bəyəndiyi televizoru alıb. Elə həmin gündən Əlinin günləri sönülü televizor ekranı kimi qaralıb.
Problemi ilə bağlı SHOWNEWS.AZ-a müraciət edən şikayətçi deyir ki, bilsəydim belə olacaq, elə köhnə televizoruma baxardım:
"Təxminən 3 ay öncə "Kontakt Home" mağazalar şəbəkəsinin Azadlıq filialına üz tutdum. Bir sıra televizorlara baxsam da, bahalısını aldım. Kreditlə alsam da, ikinci ay tamam olmamış bütün krediti bağladım. 3 ay televizor normal işlədi. 3 aydan sonra televizor yanmadı. 1 illik zəmanətimiz olsa da, televizoru aparanda aldığımız cavab bizi şoka saldı. Dedilər ki, aparın tullayın. Bu düzələn deyil. Gedin yeni televizor alın".
Şikayətçi deyir ki, ilk öncə elə başa düşüb ki, zarafat edirlər:
"Söylədiklərini gülüşlə qarşıladıq. Sonradan anladıq ki, onlar bu sözləri ciddi deyir. Hətta dedilər ki, əməkdaşlarımız televizoru evə çatdıranda gərək şruplarını açıb baxardınız. Baxmadan təhvil aldığımız üçün bizi qınadılar. Deyirlər ki, televizor aldığı zərbədən içindəki şrupları qırılıb. İzah edə bilmədik ki, o necə zərbədir ki, televizorun özünə heç nə olmayıb, ekranı qırılmayıb, ayaqları qırılmayıb, amma içi dağılıb. Bir sözlə nə edəcəyimizi bilmirik".