“Champions Chess Tour” çərçivəsində baş tutacaq “Opera Euro Rapid” turnirinin təqvimi müəyyənləşib.
SHOWNEWS.AZ apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rəqibləri ilə qarşılaşacağı tarix bəlli olub.
Yarışa qatılacaq 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. İlkin mərhələdə hər iştirakçı gündə 5 oyun keçirəcək.
Mükafat fondu 100 min ABŞ dolları olan yarış fevralın 6-da start götürəcək. Teymur həmin gün Mattias Blyubaum (Almaniya), Sem Şenklend, Lenye Dominqes (hər ikisi ABŞ), Yan Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) üz-üzə gələcək.
Ertəsi gün Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) təmsilçimizə rəqib olacaq. Dairəvi turnirin son günündə Rəcəbovun rəqibləri Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyandır (Ermənistan).
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.