“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalçıları müəyyənləşib.
SHOWNEWS.AZ xəbər verir ki, seçmə mərhələdə 15 turdan 8 xal toplayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov 7-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Onunla birgə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri (hər ikisi 9,5 xal), amerikalı Uesli So (9 xal), fransalı Maksim-Vaşye Laqrav, ermənistanlı Levon Aronyan (hər ikisi 8,5 xal), polşalı Yan-Kşiştof Duda (8 xal), rusiyalı Daniil Dubov (7,5 xal) dörddəbir finala vəsiqə əldə ediblər.
Qeyd edək ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirinin seçmə mərhələsində 16 şahmatçı mübarizə aparıb.
Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.