Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanla qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn Nihat finala yüksəlib.
Güləşçimiz martın 9-da finalda gürcü İrakli Cimistarişviliylə qarşılaşacaq.
Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb - 5:7.
Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.