"Tanrıya inamın insanı virusa yoluxmaqdan qoruduğu barədə fikir yanlışdır, üstəlik sağlamlığa laqeyd yanaşmaq da günahdır.
SHOWNEWS.AZ "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill bildirib.
"İnanclı insanlara müraciət edərək demək istəyirəm: "Rəbbinizi sınağa çəkməyin. Bu, müqəddəs mətnlərdə də qeyd olunur. Heç kim heç vaxt öz tanrısını sınağa çəkməməlidir. Deməməlidir ki, mən inanclı adamam, kilsəyə gedirəm, dinin tələblərinə əməl edirəm, buna görə də xəstələnməyəcəm", – Patriarx Kirill "Rossia1" kanalına müsahibəsində deyib.
Patriarx xatırladıb ki, Tanrı özü də şeytanın Yerusəlim məbədinin damından aşağı atılmaqla bağlı təklifinə eynilə bu cür cavab vermişdi: "Şeytan Tanrıya dedi ki, əgər sağ qalsan, müqəddəs gücünü təsdiqləmiş olarsan. Bəs Tanrı ona nə cavab verdi? Dedi ki, öz rəbbinizi sınağa çəkməyin".
Patriarx onu da qeyd edib ki sağlamlığa laqeyd yanaşmaq günahdır. "Məhz buna görə də dində intihar ən ağır günahlardan biri hesab olunur. Həyat və sağlamlıq Allahın insana bəxş etdiyi ən böyük lütfdür. Və bunun məsuliyyətini yalnız insan özü daşıyır. Odur ki, insan həyatına, sağlamlığına zərbə vuran bütün hərəkətlər qeyd-şərtsiz günah sayılır", – deyə o vurğulayıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl Rus Pravoslav Kilsəsi pravoslavlara kilsədə maska taxmağın vacibliyini xatırlatmış və səhhətlərində nasazlıq hiss etdikləri vaxt, Milad bayramı günləri də daxil olmaqla, kilsəyə getməməyi tövsiyə etmişdi.