Yaponiyada 48 saat ərzində insanı öldürə bilən nadir "ət yeyən bakteriya”nın yaratdığı xəstəlik yayılır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Ölkənin Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, streptokok toksik şok sindromu hallarının sayı iyunun 2-nə qədər 977-yə çatıb ki, bu da ötən il ərzində qeydə alınan rekorddan - 941 hadisədən çoxdur.
Bildirilib ki, A qrupu streptokoklar adətən uşaqlarda "boğaz ağrısı” olaraq bilinən boğazda şişlik və ağrıya səbəb olur, lakin bəzi bakteriyalar növləri simptomların sürətlə inkişafına, o cümlədən ətraflarda ağrı və şişkinliyə, qızdırma, aşağı qan təzyiqi, nekroz, tənəffüs problemləri, orqan çatışmazlığına səbəb olur.
Məlumata görə, 50 yaşdan yuxarı insanlar xəstəliyə daha çox həssasdırlar.
Tokio Qadın Tibb Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Ken Kikuchi bildirib ki, əksər hallarda ölüm 48 saat ərzində baş verir.
Kikuchi deyib ki, hazırkı infeksiya sürətində Yaponiyada bu il yoluxma hallarının sayı 2500-ə çata bilər, "dəhşətli" ölüm nisbəti 30% təşkil edir.
O, insanları gigiyena qaydalarına riayət etməyə və açıq yaraları müalicə etməyə çağırıb.///BAKU.WS