Uzun müddətdir ki, Türkiyədə və ölkə mediasında rezonans yaradan 8 yaşlı Narin Güranın qətli ilə bağlı daha bir detal məlum olub.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, onun cəsədinə baxış zamanı ovcunda saç və qıl aşkar edilib.
Həmin dəlillərin kimə məxsus olması ilə bağlı DNT analizi edilib. Nəticədə müəyyən olunub ki, saç və qıl azyaşlının anası Yüksel Güran ilə qardaşı Enes Gürana məxsusdur.
Bildirilir ki, Diyarbəkirdəki dinləmələri əvvəldən izləyən və müttəhimlərə əhatəli suallar verən Vəkillər Kollegiyasının keçmiş sədri vəkil Nahit Eren də sosial media hesabında DNT ilə bağlı hesabat paylaşıb. O, analizin cavabının Narinin anası və qardaşınınkı ilə eyni olduğu qənaətinə gəldiyini söyləyib.
Qeyd edək ki, Narinin qətli ilə bağlı ilk dəfə saxlanılan 25 nəfər içərisində anası, atası, iki qardaşı və əmisi də olub. Əmisi Sami Gürandan başqa, digər ailə üzvləri sərbəst buraxılmışdı.
Daha sonradan isə 8 nəfər barəsində həbs qərarı verilib. Onlar arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var.