
Prezident Donald Tramp ABŞ-nin gömrük rüsumları təyin etdiyi bir sıra ölkələrin danışıqlar aparmaq barədə təkliflərini ələ salıb.
“Qafqazinfo” “The Mirror”a istinadən xəbər verir ki, Tramp bu barədə Konqresin Milli Respublikaçılar Komitəsinin xeyriyyə tədbirində çıxışı zamanı danışıb.
ABŞ lideri bildirib ki, yeni ticarət siyasətini elan etdikdən sonra ölkələr onunla danışıqlar aparmaq üçün sıraya düzülüb.
Bununla yanaşı, Tramp bir çox ölkələrin nümayəndələrinin əlaqə saxlayaraq danışıqlar üçün “yalvardığını”, istənilən güzəştə hazır olduqlarını belə ifadə edib:“Bu ölkələr mənə zəng edirlər və arxamı öpürlər. “Xahiş edirəm, cənab, müqavilə bağlayın. Bunun üçün hər şey edərəm” deyirlər”.
Eyni zamanda, o, yeni gömrük rüsumları ilə bağlı vəziyyəti “yaxşı” və “əfsanəvi vəziyyət” adlandırıb.
Xatırladaq ki, aprelin əvvəli ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara qarşılıqlı tariflər təyin edib. Bir sıra ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib. 10 faizlik rüsumlar aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-dan etibarən tətbiq ediləcək.
Dünən isə ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına müsahibəsində bildirib ki, təqribən 70 ölkənin nümayəndəsi ABŞ-yə gömrük rüsumlarının yumşaldılmasına dair danışıqlara başlamağı təklif edib.