Avtomobil qəzasında üçüncü dərəcəli yanıq xəsarəti alan 22 yaşlı Co Dimeo üz və əl transplantasiyasından altı ay sonra yenidən gülümsəməyi, göz qırpmağı və çimdikləməyi öyrənir.
Bu barədə “Associated Press” xəbər yayıb.
“Uşaq addımlarıyla irəliləməli olduğumu bilirəm. Səbrli və motivasiyalı olmalıyam. Həm də bütün yol boyu iradəni qorumaq lazımdır”, - deyə Dimeo bildirir.
Həkimlər Nyu-York Universitetinin xəstəxanasında həyata keçirilən əməliyyatın müvəffəqiyyətli olduğunu desələr də, nəticələr üçün daha uzun vaxt lazım olacağı barədə xəbərdarlıq etmişdilər.
2018-ci ildə Dimeo bir aptekdə gecə növbəsindən qayıdarkən sükan arxasında yuxuya gedib. Avtomobil dirəyə çırpılıb, yuvarlanaraq alovlanıb. Qəzanı görən başqa bir sürücü Dimeonu xilas edib.
“United Network for Organ Sharing”in məlumatına görə, dünya miqyasında yalnız 18 üz və 35 əl nəqli həyata keçirilib. Lakin eyni vaxtda üz və əl nəqli çox nadir hallarda olur. Bundan əvvəl bu cür əməliyyat yalnız iki dəfə həyata keçirilib. Birincisi, 2009-cu ildə Parisdə edilib, ancaq pasiyent bir ay sonra ağırlaşmalar səbəbiylə vəfat edib. İki il sonra, Boston həkimləri şimpanzenin hücumuna məruz qalan bir qadına əməliyyat ediblər, lakin bir neçə gün sonra onun əl toxumaları çıxarılmaq məcburiyyətində qalınıb.
Dimeo transplantasiyanın rədd edilməsinin qarşısını almaq, həmçinin yeni əl və üz idarə etməyi öyrənmək üçün bütün ömrü boyu dərman qəbul etməlidir.