İstanbulun İstiqlal caddəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərgi keçirilib.
SHOWNEWS.AZ "Report"a istinadən xəbər verir ki, sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Beyoğlu Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Beəyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, diplomatik korpusun əməkdaşları, yerli siyasi partiyaların təmsilçiləri iştirak ediblər.
Tədbiri baş konsul Nərminə Mustafayeva açaraq Xocalı soyqırımı haqqında danışıb. Bu qanlı hadisə zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladan baş konsul bildirib ki, illər ötsə də, Azərbaycan xalqı bu faciədə, eləcə də Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmayacaq.
Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız qeyd edib ki, Ermənistanın hərbi siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Xocalı soyqırımını ermənilərin tarix boyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar əsrlər boyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduğunuı qeyd ediblər. Onlar bildiriblər ki, Xocalıda baş vermiş qətliam təsadüfi deyil, məhz planlı və düşünülmüş şəkildə həyata keçirilib.
Sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolar nümayiş olunub. Bu fotoşəkillər o gecənin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.
Tədbirin sonunda İstanbulda fəaliyyət göstərən Hüseyin Cavid adına məktəbin şagirdləri Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndiriblər.