Qarabağ konfliktinin nizamlanması prosesi 2020-ci ilin payızında döyüş fəaliyyətləri başlayana qədər dalana dirənmişdi.
Axar.az verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vilnüsdə erməni icması ilə görüşü zamanı deyib.
“Proses o vəziyyətə gəlib çatmışdı ki, erməni tərəfi Qarabağ ətrafındakı yeddi rayonu verməli idi, Qarabağa heç bir formada status verilməməli idi. Əgər siz məndən soruşarsınızsa, deyə bilərəm ki, Qarabağın nizamanlanmasının arxitekturası 1998-1999-cu illərdə başa çatmışdı. Birincisi, Qarabağ danışıqlar prosesindən uzaqlaşdırılmış, bunun sayəsində də beynəlxalq ictimaiyyət tərəfindən tanınan yeganə statusundan məhrum olmuşdu”, – deyə o bildirib.
O, separatçıların danışıqlar prosesindən vaxtilə Ermənistanın təşəbbüsüylə çıxarıldığını bildirib:
“Bu haqqında təkcə mən demirəm, Rusiya xarici işlər naziri Sergey Lavrov da deyir. İkincisi, Ermənistan 1999-cu ildə İstanbul xartiyasına səs verdi. Buna əsasən, milli azlıqların siyasi, etnik və mədəni haqları ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu müddət ərzində aparılan danışıqlar prosesi sadəcə feyk idi.
Müharibə niyə əvvəl yox, 2020-ci ildə başladı? Biz xatırlamalıyıq ki, 2016-cı ildə bunun zəngi çalınmışdı. Hələ 2016-cı ilin yanvarında Minsk Qrupunun həmsədrləri Ermənistandan tələb edirdilər ki, biz Dağlıq Qarabağa aralıq statusun təqdimatından imtina edək. Ermənistan tərəfi, əlbəttə, bununla razılaşmadı və 2016-cı ilin aprelində döyüş fəaliyyətləri başlayır. Döyüş fəaliyyətlərinin qarşısını Qarabağ ətrafındakı rayonları ilkin şərtsiz verməklə almaq olardı”.