"Qərb ölkələri dəfələrlə sözdə dəstəklədiyi dövlətləri yarıyolda qoyublar, bu, Qərbin hər zaman sərgilədiyi mövqedir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu deyib.
O, Qərbin Ukraynaya dəstək verməməsindən danışıb:
"Bu, Qərbin hər zaman sərgilədiyi mövqedir. Qərb ölkələri dəfələrlə sözdə dəstəklədiyi dövlətləri yarıyolda qoyublar. Diqqət yetirsək, görərik ki, Qərbin başlıca strategiyası ondan ibarətdir ki, öz nəzarəti altında olan rejimlər formalaşdırsın. Belə rejimlər də ölkələrini Qərbin maraqlarına uyğun idarə edirlər. Məsələn, 2003-cü ildə Gürcüstanda inqilab nəticəsində Saakaşvili hakimiyyətə gəldi. 2008-ci ildə Qərb Gürcüstanı Ukrayna ilə müharibəyə sövq etdi. Hətta ABŞ hərbçiləri Gürcüstanda təlimlər də keçdi. Gürcüstana hərtərəfli hərbi yardımlar edildi və həmin ilin avqustunda Gürcüstanla Rusiya arasında 5 günlük müharibə baş verdi. Həmin dövrda Saakaşvili Qərb liderlərinə telefon vasitəsilə də çata bilmədi. 2014-cü ildə "Rəngli inqilab” baş verdi, bu da Qərbin senarisi üzrə baş verdi. Bunları deməkdə məqsəd tərəflərin hansısa birinə haqq qazandırmaq deyil. Sadəcə olaraq reallıq bundan ibarətdir.
Deputat deyib ki, Qərb bu dəfə isə Ukraynanı aldatdı:
"2014-dən sonra Ukrayna-Rusiya münasibətləri aşkar şəkildə gərginləşməyə başladı. Qərbin başlıca məqsədi ondan ibarət idi ki, bütövlükdə Rusiya Qara dənizdən çəkilsin, Qara dəniz bütövlükdə NATO-nun daxili dənizinə çevrilsin. Təbii ki, Rusiya da bununla bağlı mövqeyini sərgilədi ki, NATO-nun onun sərhədlərinə doğru irəliləməsi təhlükəsizliyini təhtid yaradır və özü üçün bunu qırmızı xətt kimi ifadə etmişdi.
Beləliklə də, Qərbin təsiri altında olan rejim Rusiya ilə Ukrayna arasındakı gərginliyin dinc vasitələrlə tənzimlənməsi imkanlarını demək olar ki, sıfıra endirmiş oldu. Ukraynanın şərq əraziləri ilə bağlı Minsk razılaşması da əldə olunmuşdu.
Zelenski seçki öncəsi Minsk razılaşmasına uyğun müəyyən addımlar atacağını bildirsə də, ondan sonra hər hansı bir addım atmadı. Bu baxımdan hesab edirəm ki, Qərb özünə loyal rejimlər formalaşdırır, sonra isə həmin ölkələri rəqiblərinə qarşı istifadə edir. Vəziyyət də gərginləşəndə o rejimlərin üzərindən əlini götürür”.
E. Mirbəşiroğlu qeyd edib ki, burada zərər görən ən böyük tərəf də Ukrayna xalqı və dövlətçiliyi olacaq:
"Qərb hər zaman siyasi modelləşdirmə metodları üzrə bu ölkələri öz təsiri altında saxlamağa çalışıb və ölkələrdən də özünün geosiyasi məqsədləri üçün istifadə edib. Nəsə bir nəticə olanda Qərb həmin ölkələrin yanında olub.
Amma görəndə ki, nəticə yoxdur, o zaman Qərb öz təhlükəsizlik prioritetlərindən çıxış edərək geri çəkilib. İndi imkan verirlər ki, insanlar Ukrayna da könüllü şəkildə döyüşə getsin, Ukraynaya silah-sursatlar verirlər. Məqsəd ondan ibarətdir ki, Ukrayna ilə Rusiya uzunmüddətli müharibə vəziyyətində olsun, beləliklə, Rusiya Ukrayna ərazisində maksimum zəiflədilsin. Amma digər tərəfdən burada zərər görən ən böyük tərəf də Ukrayna xalqı və dövlətçiliyi olacaq. Bu prosesin nəticəsinin də nə olacağını Qərb liderləri yaxşı bilir”.