Dünyaca məşhur brendlər, şirkətlər Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalarını davam etdirir.
Axşam.az xəbər verir ki, bu gün "eBay", "Sony Pictures" və "Colgate-Palmolive" şirkətlərinin yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarlar qəbul etdiyi məlum olub.
1 həftədir məhsul göndərmədiyini açıqlayan "eBay" ödəniş provayderlərinin və əsas çatdırılma xidmətlərinin bloklanması səbəbindən Rusiya ünvanları ilə bağlı bütün əməliyyatları dayandırıb. Bundan sonra Rusiyada yaşayan satıcıların hesabında "Tətildə" statusu görünəcək. Belə ki, həmin istifadəçilərin bütün aktiv elanları bağlanacaq və alıcılar bu məhsulları ala bilməyəcəklər.
Daha əvvəl də Rusiyada fəaliyyətini dayandırdığını elan edən "Sony Pictures" şirkəti Rusiyada rəqəmsal buraxılışlarını, o cümlədən "Spiderman: No Way Home"un ölkə televiziyalarında yayımı ilə bağlı müqavilələrini dondurub. İstifadəçilərin "Crunchyroll" anime xidmətinə girişi də məhdudlaşdırılıb.
Bundan əvvəl kinoşirkət Cared Letonun baş rolda çəkildiyi "Morbius" filminin Rusiya premyerasını ləğv etmişdi.
"Colgate-Palmolive" da məhsullarının Rusiyaya idxalını məhdudlaşdırmaq qərarı alıb. Bildirilib ki, yalnız sağlamlıq və gigiyena üçün ən zəruri məhsullar bu ölkəyə tədarük ediləcək. Şirkət həmçinin Rusiyada bütün investisiyaları, media və reklam fəaliyyətini dayandırıb.