Polşa parlamentinin aşağı palatası Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini pisləyən, onları insanlığa qarşı cinayət və soyqırım aktları adlandıran qətnamə qəbul edib.
Publika.az "Ukrinform"a istinadla xəbər verir ki, deputatlar sənədi yekdilliklə və alqışlarla qəbul ediblər.
“Polşa Respublikasının Seymi uzun müddət davam edən zorakılıq aktlarını, müharibə cinayətlərini, insanlığa qarşı cinayətləri, soyqırım aktlarını, insan hüquqlarının sistematik şəkildə pozulmasını və beynəlxalq hüququn digər cinayətkar pozuntularını pisləyir", - bəyanatda deyilir.
Qətnamədə vurğulanır ki, bu cinayətlərə dair ictimaiyyətə açıq sübutlar Seym və beynəlxalq ictimaiyyətə Vladimir Putini hərbi cinayətkar kimi tanımağa əsas verir:
“Polşa Seymi dünyanın demokratik ölkələrinin parlamentlərinə və Avropa Parlamentinə müraciət edərək Vladimir Putini, Rusiya Təhlükəsizlik Şurasının üzvlərini və Rusiya Federasiyası silahlı qüvvələrinin komandirlərini bunlara bilavasitə cavabdeh şəxslər kimi tanımaq xahişi ilə müraciət edir. Onlara qarşı maksimum sanksiyalar tətbiq edin”.
Deputatlar həmçinin azad Ukrayna xalqı və demokratik Ukrayna ilə sarsılmaz həmrəy olduqlarını bildiriblər.