“Biz BMT-nin müəyyən xətlərini də sanksiyalar baxımından qiymətləndiririk, amma unutmayaq ki, bütün bu addımları atarkən Rusiya ilə münasibətlərimizi bir kənara qoymağımız mümkün deyil”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Sadəcə təbii qazı götürəndə biz bunun təxminən yarısını elə Rusiyadan alırıq. Bundan başqa, biz bu gün Rusiya ilə birlikdə Akkuyu Atom Elektrik Stansiyamızı tikirik. Bunu da bir kənara qoya bilmərik. Mən bu gün Makrona bunu deyəndə o, “haqlısan” dedi. Deməli, burada ediləcək bir şey yoxdur. Birincisi, mən xalqımı qışda qarda, soyuqda qoya bilmərəm.İkincisi sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları nəzərə almaq məcburiyyətindəyik. Biz dövlətik, 85 milyon əhalimiz var. Üzərimizə düşən hər vəzifəni yerinə yetiririk, yetirəcəyik. Ukraynalılar üçün 56-ya yaxın humanitar yardım maşını göndərdik. Onlarda yemək, geyim, dərman var. Bunlar hələ də göndərilməkdə davam edir”, - deyə Ərdoğan qeyd edib.