Türkiyənin Bursa şəhərində xala öz doğma bacısı oğlunu 1 il boyunca zibil dolu evdə dustaq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.
Bildirilib ki, qapını sındıraraq içəri daxil olan təmizlik işçiləri zibillə dolu otaqda huşsuz vəziyyətdə yatan uşaq aşkar ediblər. Məlum olub ki, 9 yaşlı uşaq 1 il boyunca xalası tərəfindən evdə qapalı şəkildə saxlanılıb, hətta təbii ehtiyaclarını belə otaqda edib.
Zibillərlə dolu evdə saxlanılan uşaq həkimlərin ilkin müdaxiləsindən sonra təcili yardımla xəstəxanaya aparılıb. Təxminən bir ildir ki, otaqda kilidli qaldığı iddia olunan uşağın saç və dırnaqlarının uzandığı, çox zəiflədiyi və bədənində yaraların olduğu müşahidə edilib.
Boyu 138 santimetr, çəkisi 17 kilo olan uşağın sağlamlıq vəziyyətinin “zəif, lakin ümumi sağlamlıq vəziyyətinin yaxşı” olduğu açıqlanıb.
Hadisədən sonra polis uşağın kimliyi və natəmiz evdə niyə saxlanıldığını müəyyən etmək üçün araşdırmalara başlayıb.
Araşdırmadan sonra evin uşağın xalası Kamran Pınar A. tərəfindən kirayə tutulduğu məlum olub. Xala həbs edilib. Lakin məhkəmənin qərarı ilə azadlığa buraxılan xala yenidən “uşağa işgəncə vermək” ittihamı ilə nəzarətə götürülüb.
Xala polisə verdiyi ifadəsində belə deyib:
“Anamla mən bacımın oğlu 18 aylıq olandan bu günə kimi ona baxmışıq. 2020-ci ildə anam vəfat edəndən sonra uşağa mən baxmağa başladım. Bacım anamın ölümündən sonra uşağını saxladığım üçün məndən şikayət etdi. Bunu eşidən uşaq bizimlə əlaqəni kəsdi. Yemədi, təmizliyi qəbul etmədi. Bu, son 4 ayda baş verib. Ona görə evdən qaçmasın deyə onu otaqda bağlı saxladım”.
İstintaq davam edərkən 9 yaşlı uşaq Antalyada yaşayan anasına təhvil verilib. Ziddiyyətli ifadələr verən ana və xala bir-birini günahlandırıblar.
Hazırda uşağın pedaqoji dəstək alacağını deyən ana oğlunun yemək yeməməsi və hərəkətsiz olması səbəbindən əzələlərinin zəiflədiyini bildirib.
Araşdırma zamanı məlum olur ki, bu evdə həmin xalanın öz qızı da olub, lakin Bursa Ailə və Sosial Xidmətlər Müdirliyi tərəfindən himayə altına alınıb.