“Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Baş nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.
"Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da 2007-ci ildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. Bunu nə qədər təsdiqləməmək olar?
Paşinyan 1991-ci il Almatı Bəyannaməsinin Ermənistan qanunvericiliyimizin bir hissəsi olduğunu bildirib:
“Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.
Qeyd edək ki, 1992-ci ilin fevralında təsdiq edilən Almatı Bəyannaməsində də Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınıb.